"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Arif RəHiMZADə: “əhalinin ictimai fəallığının artdığı gün Mənzil istismarı Sahələrinə ehtiyac qalmayacaq”-EKSKLüZiV

--2015-12-31 / 12:42

Müsahibim Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadədir.

Öncə qeyd edim ki, müsahibimlə bir saata yaxın davam edən  söhbətdə bələdiyyələrin qarşılaşdığı problemləri  ətraflı müzakirə etdik. Dəqiqliyi, səmimiyyəti və gülərüzlüyü ilə seçilən müsahibim bələdiyyələrin gələcəyinin perspektivli olacağına  tam əmindir, ancaq bir şərtlə ki...

Müsahibədə məhz həmin şərt haqqında çox danışılacaq...

Beləliklə, ürəyimdən çox suallar keçsə də söhbəti millət vəkilinin  bələdiyyələrin 2015-ci il üzrə fəaliyyətinə verəcəyi qiymətlə başlayıram:

-          Hazırda bələdiyyələrin cari ildəki fəaliyyətinə yekun vurmaq hələ tezdir. Bu gün ictimaiyyətə bələdiyyələrlə bağlı müxtəlif fikirlər səslənsə də, hesab edirəm ki, bələdiyyələr yarandığı gündən inkişafdadır  və ötən  dövrdə idarəetmə sistemində özünəməxsus yer tuta biliblər.

Yadınızdadırsa, cənab prezidentin bələdiyyələrin fəaliyyətiylə bağlı may ayında ciddi bir tənqidi olmuşdu. Bu əsaslı və məntiqə söykənən bir tənqidi idi. Ancaq cəmiyyətdə çoxları elə başa düşür ki, cənab prezidentin tənqidi tək bələdiyyələrə aiddir.  Sözsüz ki, bu iradda bələdiyyələrin böyük payı var.

Tənqiddən bir pay da bələdiyyələrin fəaliyyətinə ciddi  təsir edən icra orqanlarının üzərinə düşür. Odur ki, bu tənqiddən bələdiyyələrlə yanaşı icra orqanları da nəticə çıxarmalı və qanunla nəzərdə tutulan məsələlərin icrasına əməl etməlidirlər.

-          Bu gün etiraf edilməlidir ki, yerlərdə icra hakimiyyəti orqanları bələdiyyələrin fəaliyyətinə öz təmsilçiləri, yəni yerli icra nümayəndəlikləri   vasitəsiylə təsir edirlər. Bəlkə bu paralelliyi aradan qaldırmağın vaxtıdır?

Bu paralellik müvəqqətidir. Bir qədər keçmişə qayıtsaq, görərik ki, ölkəmizdə yerli özünüidarəetmə sistemi hələ Çar Rusiyasının vaxtında olubdur. Ancaq indiki formada nə o dövrdə, nə də sovetlər dönəmində olmayıbdır.

Etiraf edək ki, müəyyən mənada təcrübəsizlik var. Amma burada seçicilərin də üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü etiraf etməliyik. Yəni ictimai fəal seçicinin, fəal da bələdiyyəsi olur. əfsuslar olsun ki, ictimai fəalliq bizim vətəndaşlarda zəifdir, bəzi yerlərdə yerdə isə yox səviyyəsindədir.

Sovet dövrü cəmiyyətdə sanki bir passivlik yaradıb. Bəzi insanlar elə təsəvvür edir ki, xırda bir problemi də dövlət həll etməlidir. Təsəvvür edin ki, yeni tikilən çoxmənzilli binalarda yaşayan sakinlər düşünürlər ki, binayla bağlı bütün məsələlərin həlli dövlətin üzərinə düşür və onun orqanlarının borcudur ki, onu tez həll etsin. Lakin bu belə deyil axı.

Binanın tikintisi başa çatdıqda həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələri sakinlərin mülkiyyəti olur. Lakin sakinlər öz üzərlərinə düşən işdən boyun qaçırırlar. Belə olan halda  binanı tikən sahibkar mülkiyyətçilərin hüquqlarını mənimsəyərək təkbaşına və ona sərf edən qaydada binanın istismarı ilə əlaqədar bütün məsələləri öz üzərinə götürür.

Bu və buna oxşar məsələləri əhali öz üzərinə götürməli və həllinə nail olmalıdır. ictimai təşkilat yarada və ya hansısa özəl strukturla müqavilə bağlayaraq problemlərini həll etməlidir. Dövlətin üzərinə əlavə yük qoymamalıdır.

əhalinin özünün ictimai fəallığı artdığı gün nə mənzil istismarı sahələrinə,  nə də paralel sturkturlara ehtiyac qalacaq və icra orqanlarının üzərinə  düşən əsas vəzifə qanunların icrasına nəzarət etmək olacaqdır.

-          Belə olan halda iki sturktur arasında səlahiyyət bölgüsünü özündə ehtiva edən qanunun qəbuluna ehtiyac varmı?

Belə bir qanuna ehtiyac görmürəm. Çünki bələdiyyələrin səlahiyyətləri tam bəllidir. Qanunlarda və normativ xarakterli sənədlərdə bu məsələlər mükəmməl qaydada öz əksini tapıb. Məqsəd qanunların verdiyi imkandan yararlanaraq yerli özünüidarə orqanlarının qarşılaşdığı problemlərin həllinə nail olmaqdır.

-          Bu gün bələdiyyələrin maliyyə durumunu qənaətbəxş hesab etmək olmaz. 2014-cü ildə onların illik büdcə gəlirləri 50 milyon manatı keçməyib. Bəlkə bələdiyələrə əlavə səlahiyyət və ya yeni maliyyə imkanları verilsin. Bu barədə nə deyə bilərsiniz?

Razıyam ki, bələdiyyələrin maliyyə imkanları zəifdir. şəhər bələdiyyələrini çıxsaq, kənd bələdiyyələrinin qazancı qənaətbəxş səviyyədə deyildir. Ancaq etiraf etməliyik ki, bələdiyyələrin istifadə etmədikləri böyük maliyyə ehtiyatları mövcuddur və onlardan səmərəli  istifadəyə böyük ehtiyac var.

Sadə bir misal çəkim. 2014-cü ildə fiziki şəxslərdən toplanan əmlak vergisinin həcmi 4.536 min manat olub. Bu gün Azərbaycanda 1.9 milyon ev təsərrüfatı var. Bu rəqəmlərdən aydın olur ki, bələdiyyələr bir evdən (mənzildən) cəmi 2.4 manat vergi toplayıb. Halbuki, bu rəqəmi azı 4-5 dəfə artırmaq olar. əgər əvvəllər bu verginin yığılmasında məlum çətinliklər vardısa, bu gün onun yığımına “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 20 iyun 2014-cü ildə qəbul edilmiş Qanunu əlverişli şərait yaradıbdır.

əvvəllər bələdiyyələr öz vəsaiti ilə qiymətləndirmə aparmalı idilər. indi cənab prezidentin təşəbüsü ilə qəbul olunan bu Qanunla məsələ sadələşdirlib və şəffaflıq təmin edilib. inanıram ki, bu sahədə mövcud olan müəyyən çətinliklər tezliklə öz həllini tapacaq.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin yığımı  da lazimi səviyyədə deyil. 2014-cü ildə ölkə üzrə cəmi 615 min manat toplanılıb.

Bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi cəmi 400 manat təşkil edib.

Bələdiyyələrin ərazilərində mehmanxana və sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən toplanan ödəniş ötən il 508 min manat olub. Necə ola bilər ki, ölkədə bu qədər mehmanxana və sanatoriya-kurort müəssisələri fəaliyyət göstərdiyi halda, bu qədər az ödəniş yığılsın.

Belə başa düşmək olar ki, obyekt sahibləri yerli ödənişləri ödəməkdən yayınırlar. Prosesi tənzimləmək məqsədiylə ciddi addımların atılmasına ehtiyac var. Ya hər hansı sanksiya formasında və ya vergi hesabatlarını verərkən onlardan şərt kimi bu ödənişin bələdiyyələrə verilməsi də tələb edilməlidir.   

Düşünürəm ki, bələdiyyələrə verilən maliyyə istiqamətlərindən onlar yetərincə istifadə etməlidirlər.

-Bəs komitə sədri olaraq bələdiyyələrin maliyyə durumuna kömək etmək məqsədilə hansı təklif verərdiniz?

Deyim ki, biz növbəti beş ildə bu sahəyə dair qanunvericliyin daha da təkmilləşdirilməsi ilə bağlı fəaliyyətimizlə bələdiyyələrə tutarlı kömək etməliyik.

Bələdiyyələrin mülkiyyətində olan torpaqların öz qərarı ilə mövsümü icarəyə verə bilməsi ilə bağlı bəzi maneələrə baxmayaraq, bu dəyişikliyə nail olmalıyıq.

Məsələn, mənim deputat seçildiyim Neftşala rayonunun ərazisində şamaxıdan olan təsərrüfatçı, əgər dörd ay ərzində bostan əkmək istəyirsə, gərək bir il sənədləşdirmə işlərini həyata keçirsin. Nəticədə nə bostan əkilir, nə də bələdiyyə büdcəsinə vəsait daxil olur. Biz bu məsləyə yenə qayıdacağıq və ümid edirəm ki, bu dəyişkiliyə nail olunacaqdır. 

ikinci məqam,  kənd yerlərində nəğdsiz ödənişlə bağlı ciddi problem var. Bir çox halda sakinlər yerli vergiləri ödəməkdən boyun qaçırırlar. Bunun həlli üçün kənd  sakini kredit götürmək istədikdə, ona dövlət tərəfindən hər hansı maliyyə yardımı verildiyi  halda və ya digər hallarda bir şərt kimi bələdiyyədən borcunun olmaması haqqında arayışın alınmasını tələb kimi qoymaq daha düzgün addım olardı.

-          Bələdiyyələrin ötən seçkilər ərəfəsində birləşdirmə prosesi həyata keçirildi. Birləşdirmə sayəsində bələdiyyələrin sayı  2757-dən bu gün 1607-dək endirilib. Sizin fikrinizcə bu proses davam etdirilməlidirmi?

Bu gün bələdiyyələrin əksəriyyətində əhalinin sayı 1000-3000 nəfər arası dəyişir.  Bu gün bu optimal rəqəmdir. əhalisinin sayı az olan kəndlərin isə digərlərindən uzaqlığı da nəzərə alınmalıdır. Həmdə bu təşəbbüs əhali tərəfindən qaldırlımalı və qanunauyğun həyata keçirilməlidir. Hər halda son söz yenə də əahlinindir.

-          Ölkəmizdə xeyli müddətdir böyükşəhər bələdiyyələrinin yaradılması haqqında fikirlər dolaşır. Bu gün Bakıda, Gəncədə və Sumqayıt kimi iri şəhərlərdə böyükşəhər bələdiyyəsinin yaradılmasının vaxtı çatmayıbmı?

Deyim ki, cəmiyyət özü o prosesə hazır olmalıdır. Seçicilər, bələdiyyələr və məmur kontingenti də bu prosesi “həzm” edə bilməlidir. Hələlik bələdiyyələrdə çevik və stabil icra aparatı yoxdur. Oturuşmuş, yüksək ixtisaslı, səriştəli bələdiyyə qulluqçusu korpusu tam formalaşmayıb. Odur ki, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi hələ tezdir...

Komitə sədri ilə söhbətimiz maraqlı alınmışdı.

Mən də Arif müəllim kimi, əminəm ki, yaxın illərdə Azərbaycanda bələdiyyələr əhalinin problemini daha çevik və səriştəli şəkildə həll edə  bilən şəffaf quruma çevriləcəkdir.

Vüqar Tofiqli 

Belediyye.info

ŞƏRHLƏR